Bədii gimnastika üzrə FIG Dünya Kubokunun qalib və mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib (FOTO)

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə FIG Dünya
Kubokunun fərdi və qrup hərəkətləri proqramı üzrə qalib və
mükafatçılarının ikinci mükafatlandırma mərasimi keçirilib.

AzerTimes-ın məlumatına görə, gürzlərlə hərəkətdə Darya Atamanov
(İsrail) birinci, Elizaveta Polstyanaya (Latviya) ikinci, Sofiya
Raffaelli (İtaliya) üçüncü yeri tutublar.

Qalib və mükafatçılara medalları Azərbaycanın gənclər və idman
naziri Fərid Qayıbov, FIG (Beynəlxalq Gimnastika Federasiyası)
Bədii Gimnastika üzrə Texniki Komitəsinin üzvü Lyubov Çerkaşina,
beynəlxalq dərəcəli hakim Nigar Abdusəlimova təqdim ediblər.

Lentlə hərəkətdə Boryana Kaleyn (Bolqarıstan) qızıl, Darya
Atamanov (İsrail) gümüş, Yekaterina Vedeneeva (Sloveniya) bürünc
medala sahib olublar.

Qalib və mükafatçılara medalları Azərbaycan Triatlon
Federasiyasının prezidenti Elçin Əliyev, Beynəlxalq Gimnastika
Federasiyasının texniki nümayəndəsi Kerolayn Hant, Milli Gimnastika
Arenasının direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Üç lent və iki topla qrup hərəkətlərində İtaliya komandası fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb, Yaponiya komandası ikinci,
Qazaxıstan komandası üçüncü yeri tutub.

Medalları “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, Azərbaycanın
gənclər və idman nazirinin müavini Mariana Vasileva, FIG Bədii
Gimnastika Texniki Komitəsinin üzvü Nataliya Bulanova təqdim
ediblər.

Aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku
keçirilib. Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi
etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup
komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edib.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Arzu Cəlilova və
Zöhrə Ağamirova, o cümlədən Güllü Ağalarzadə, Ləman Əlimuradova,
Kamilla Əliyeva, Zeynəb Qummətova, Elizaveta Luzan və Daria
Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edib.

Teqlər: