Xəbər - Cani Babayeva – Trend:
Bədii gimnastika üzrə Azərbaycan çempionatında yeni proqram
nümayiş etdirdim.
Bunu AzerTimes-a yarış başa çatdıqdan sonra azərbaycanlı idmançı
Arzu Cəlilova deyib.
“Bədii Gimnastika üzrə Azərbaycan Çempionatı bu il ilk yarışımız
oldu. Burada ilk dəfə olaraq yeni proqramlar nümayiş etdirildi.
Bəli, bu dəfə hər şey planlaşdırdığımız kimi alınmadı. Ancaq bu,
ilk yarışdır və proqramı dəqiqləşdirməyə, elementlər üzərində
işləməyə vaxtımız var. Halqa proqramı bu gün mənim üçün ən yaxşısı
oldu. Növbəti yarışlarda yaxşı nəticə göstərmək üçün tam gücümlə
məşq edəcəyəm”, – o bildirib.
Tamaşaçıların çempionatın gedişatını izləmək imkanının
olmasından danışan A. Cəlilova əlavə edib ki, azarkeşlərin dəstəyi
güc və enerji verir.
İdmançının sözlərinə görə, növbət planlaşdırılan yarışlar
Bolqarıstan, Özbəkistan və Bakıda keçiriləcək Dünya Kuboklarının
mərhələləri olacaq.
Xatırladaq ki, Azərbaycan çempionatında Arzu Cəlilova halqa ilə
hərəkət proqramında qızıl, çoxnövçülükdə və top və lentlə
hərəkətlərdə “gümüş”, gürzlə hərəkətdə isə bürünc medal
qazanıb.
Martın 16-17-də bədii gimnastika üzrə 27-ci Azərbaycan
çempionatı keçirilib. Yarışlarda Bakı şəhəri üzrə “Ocaq Sport”,
Bakı Gimnastika Məktəbi, Grasiya IK, Respublika Kompleks İdman
Məktəbi, digər şəhər və bölgələr üzrə Xırdalanın “Zirvə” klubu,
Sumqayıt, Gəncə və Mingəçevirdən ümumilikdə 40 idmançı birincilik
uğrunda mübarizə aparıb.
Çempionatda iki yaş kateqoriyası üzrə gimnastlar fərdi proqramda
– “yuniorlar” (2007-2009-cu il təvəllüdlü) və “seniorlar” (2006-cı
il təvəllüdlü və daha yuxarı) çıxış ediblər.
Qeyd edək ki, iki illik fasilədən sonra xüsusi karantin rejimi
çərçivəsində yumşaldıcı tədbirlər sayəsində tamaşaçılar Milli
Gimnastika Arenasında yarışları izləmək imkanı əldə ediblər. Yaşı
18-dən az olanlar istisna olmaqla, onlardan peyvənd sertifikatı və
ya immun sertifikatı, COVID-19-a qarşı peyvənd üçün əks göstəriş
sertifikatı tələb olunub.