BDYPİ yol polislərinin görünməyən yerdə dayanması məsələsinə aydınlıq gətirdi

Xəbər - Samir Əli – Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol-patrul xidməti əməkdaşlarının görünməyən yerdə dayanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

İdarənmin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev AzerTimes-a açıqlamasında bildirib ki, son vaxtlar bəzi şəxslər sosial şəbəkələrdə yol-patrul xidməti əməkdaşlarının patrul avtomobillərini görünməyən yerlərdə dayandıraraq qayda pozuntularını aşkar etmələrindən narazılıq edirlər. Görünür məsələyə bu şəkildə yanaşanlar DYP-nin əsas funksiyalarından xəbərsizdir.

Belə ki, «Yol hərəkəti hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununa, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn normаtiv hüquqi аktlаrın tələblərinə əsasən, yol hərəkətinə nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrının vəzifəsi xidmət apardığı yol sahəsində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün lazımi tədbirlər görmək, qayda pozuntularını vaxtında aşkar edib təqsirkar şəxsləri inzibati məsuliyyətə cəlb etmək və bu kimi qabaqlayıcı tədbirlərlə baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.

Odur ki, patrul avtomobillərindəki xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta hadisələrinin aşkar edilməsi də yol-patrul xidməti əməkdaşlarının vəzifə borcudur. Eyni zamanda, yollarda hərəkətin təhlükəsizliyi baxımından bütün sürücülərin qaydalara riayət etməsi məhz onların özləri və avtomobildə daşıdıqları sərnişinlərin həyat və sağlamlıqlarının qorunması üçün olduqca vacibdir.

Twitter : GuleliyevSamir

Teqlər: