BDU və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə məktəb idarəetməsi təlimlərinə start verilib (FOTO)

2021-ci ilin 25 oktyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə həyata keçirilən birgə fəaliyyət planına əsasən “Məktəb idarəetməsi və post-pandemiya dövründə orta məktəb təhsili: metodoloji və psixoloji nüanslar” adlı beş günlük təlim proqramına start verilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərdə Mingəçevir şəhər ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və müəllimləri, MDU-nun “Pedaqoji” fakültəsinin gənc əməkdaşları, tələbə və magistrantları iştirak edirlər.

Proqramın açılışında giriş sözü ilə çıxış edən MDU rektorunun müşaviri Hamiz Mahmudov təlimlərin ümumtəhsil müəssisələrinin idarə edilməsi sahəsində universitetin gənc akademik heyət üzvləri və tələbələrinin bilik və bacarıqlarının artırılmasına, eləcə də regionda pedaqoji menecmentin inkişafına töhfə verilməsinə hədəfləndiyini vurğulayıb və göstərilən dəstəyə görə hər iki universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Qeyd edilib ki, beş gün müddətində davam edəcək təlimlərdə BDU-nun təcrübəli pedaqoqları məktəb idarəçiliyinin aktual məsələlərinə həsr olunan müxtəlif mövzularda təqdimatlarla çıxış edəcək və müzakirələr aparacaqlar.

Sonra proqrama uyğun olaraq, BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin “Gender və tətbiqi psixologiya” kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Elmina Kazımzadə tərəfindən “Məktəb liderliyi, prinsipləri, strategiyaları və dəyərləri” mövzusunda ilk təlim keçirilib.


Təlimdə dosent E.Kazımzadə təhsildə menecment və liderlikdən, liderliyin növlərindən, transformasiya, bölüşdürülmüş və etik liderliyin mahiyyəti, üstünlükləri və xarakterik cəhətlərindən bəhs edib, xarici ölkələrin müvafiq qabaqcıl təcrübələrini bölüşüb, konkret situasiyaların nümunəsində effektiv idarəetmə qərarlarının verilməsi ilə bağlı iştirakçılarla fikir mübadiləsi aparıb və onların suallarını cavablandırıb.

Oktyabr 29-dək keçiriləcək növbəti təlimlər “Məktəb atmosferi, idarəetmədə onun tədqiqi və tətbiqi”, “Təhsildə gender problemləri”, “İstedadlı şagirdlərlə iş” və “Postpandemiya dövründə məktəb idarəçiliyində pedaqoji-psixoloji problemlər” mövzularını əhatə edir.

Qeyd edək ki, MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin qabaqcıl və qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün daha da artırılması məqsədilə hər iki universitet tərəfindən çoxşaxəli birgə fəaliyyət planı həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin bilik və bacarıqlarının artırılmasına, eləcə də regionun inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.

Teqlər: