Bakı Dövlət Universiteti (BDU) qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar yardım göndərəcək.
AzerTimes xəbər verir ki, bu barədə BDU-nun Elmi Şurasının iclasında qərar qəbul olunub.
Qeyd edək ki, BDU əməkdaşları və tələbələri zəlzələ baş verən gündən yardım kampaniyasına qoşulublar. Universitetin həm gənclər təşkilatları, həm fakültələri səviyyəsində zəruri ərzaq və geyim ləvazimatları alınaraq təhvil verilib, pul yardımı edilib. “BDU könüllüləri” təşkilatının üzvləri fevralın 8-dən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə Əl Oyunları Sarayında təşkil olunan kampaniyada iştirak edirlər.
Hər gün 40-dək BDU könüllüsü vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesinə yardım göstərir. Hazırda BDU-nun 3 könüllüsü Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım edir.