Bakı Dövlət Universitetində (BDU) “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır.
Bu barədə AzerTimes-a BDU-dan məlumat verilib. Bildirilib ki, BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması elmə və təhsilə böyük maraq doğurub. Təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir.
İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, “Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb.