Bazar günü rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək

Xəbər - Elçin Mehdiyev – Trend:

İyunun 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən rezidentura, dövlət qulluğu və doktoranturaya qəbul imtahanları keçiriləcək.

DİM-dən AzerTimes-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır.

20 iyun 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd), inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul imtahanı, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi (birinci cəhd)

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) 1738 namizəd iştirak edəcək. Onlardan 1457 nəfər Azərbaycan, 281 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 737 nəfəri oğlan, 1001 nəfəri isə qızdır. 13 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 552, BB qrupu üzrə 1391 olmaqla, ümumilikdə 1943 namizəd qeydiyyatdan keçib.

İmtahan Bakı şəhərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları

İmtahanlarda 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanlar Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә ( xarici dil üzrә doktoranturaya qәbul imtahanında esse yazılmasına, xarici dil üzrә fәlsәfә doktoru imtahanında isə vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.

Yuxarıda qeyd olunan imtahanların keçirilməsi üçün ümumilikdə 22 imtahan binası, 61 imtahan rəhbəri, 22 ümumi imtahan rəhbəri, 460 nəzarətçi-müəllim, 44 buraxılış rejimi əməkdaşı (mühafizə) və 22 bina nümayəndəsi ayrılıb.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”;

– “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

Teqlər: