Bayramovla Mirzoyan hansı nəticəyə gəldi? – Tiflis

Bayramovla Mirzoyan hansı nəticəyə gəldi? – Tiflis

Azərbaycan və Ermənistan XİN başçıları Ceyhun Bayramov və Ararat Mirzoyanın danışıqları konkret nəticə vermədi, ancaq iki ölkənin XİN rəhbərlərinin birbaşa dialoqu üçün presedent yaratdı.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili “Pirveli arxi” kanalına açıqlamasında deyib.

“Konkret nəticələr danışıqların ilk raundunda heç vaxt olmur”, – Darçiaşvili bildirib.

Onun sözlərinə görə, nazirlər onları narahat edən məsələlərlə bağlı gündəmi müzakirə ediblər.

Darçiaşvili vurğulayıb ki, bu formatda danışıqların davam etdirilməsinin əsası qoyulub.

“Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq. Əgər istənilən formatda danışıqlar üçün Gürcüstana gəlmək zərurəti yaranarsa, biz qəbul etməyə və dəstəkləməyə hazırıq”, – o əlavə edib.

Nazir Tiflisdəki görüşü Gürcüstan üçün “tarixi günlər” adlandırıb. O bildirib ki, bu, Azərbaycan və Ermənistanın Gürcüstana etibar etməsi deməkdir:

“Gürcü hakimiyyəti vasitəçilik funksiyasını yerinə yetirə bildiyi üçün çox şaddır. Danışıqların hədəfi isə konkret nəticələr əldə etməkdir”.

Qeyd edək ki, Bayramov-Mirzoyan görüşü 16 iyulda Tiflisdə keçirilib.

Teqlər: