Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə səfərdə olan xarici işlər nazirinin müavini Aleksandra Papadopulunu qəbul edib.
Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə tərəflər Azərbaycanla Yunanıstan arasında ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq əlaqələrini, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələləri müzakirə ediblər.
İki ölkə rəhbərləri arasında artan təmasların, XİN-lər arasında keçirilmiş siyasi məsləhətləşmələrin münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıblar. Tərəflər siyasi, iqtisadi, ticarət, energetika, kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə münasibətləri inkişaf etdirməyin və xalqlarımızın mənafelərinə uyğun əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov ötən ilin dekabr ayında həmkarı, Yunanıstanın xarici işlər naziri ilə keçirilmiş görüşü məmnunluqla xatırlayıb, siyasi təmaslar ilə yanaşı, Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin intensivləşməsinin zəruriliyini vurğulayıb.
Tərəflər həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın əhəmiyyətini təsdiqləyərək, Cənub Qaz Dəhlizi, Trans-Adriatik boru kəməri, eləcə də Yunanıstan Bolqarıstan Qaz İnterkonnektoru müstəsna əhəmiyyətini diqqətə çatdırıblar. Bu xüsusda, iki ölkə arasında enerji sahəsində uğurlu əməkdaşlığın regionun inkişafına və sabitliyinə töhfə verəcəyi, qarşılıqlı maraq doğuran digər sahələri də əhatə edəcəyinə əminlik ifadə olunub.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, antiterror tədbirlərini şərtləndirən amillər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh müqaviləsi gündəliyi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri istiqamətində atılan addımlar barədə ətraflı məlumatlandırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavininin ölkəmizə səfəri çərçivəsində onun və Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq mövzuları müzakirə olunub.