Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin başa çatmasından sonra 30 illik işğalın ağır nəticələrinin aradan qaldırılması və öz yurdlarından didərgin düşmüş vətəndaşlarımızın təhlükəsiz və ləyaqətli geri qayıdışının təmin edilməsi Azərbaycan üçün ən vacib prioritetdir.
“Bu məqsədlə işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Əlamətdar haldır ki, bu il keçmiş məcburi köçkünlərin ilk qrupunun öz yurdlarına qayıtması artıq baş tutmuşdur. Bu 700 minə yaxın Azərbaycanlı məcburi köçkünü əhatə edəcək “Böyük Qayıdış” proqramının praktiki icrası istiqamətində ilk addımdır”, – C.Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, ərazilərin minalar və digər partlayıcılarla çirkləndirilməsi bərpa və quruculuq işləri üçün ən ciddi əngəl təşkil edir:
“Ermənistan tərəfindən bütün mina sahələrinə dair tam və dəqiq məlumatların Azərbaycana verilməməsi, əksinə, ərazilərimizdə yeni minaların basdırılmasının davam etdirilməsi Ermənistanın sülhün təmin edilməsində maraqlı olmadığının əlavə sübutu kimi ciddi narahatlıq doğurur”.
“Azərbaycan Ermənistanla bir-birinin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının qarşılıqlı olaraq tanınması və hörmət edilməsi əsasında ikitərəfli münasibətlər qurmaq, münaqişə səhifəsini qarşılıqlı faydalı əməkdaşlıq, normal qonşuluq münasibətləri ilə əvəz etmək niyyətində qətiyyətlidir. Bu məqsədlə, iki ölkə arasında qarşılıqlı münasibətlərə dair müqavilənin mətni üzrə növbəti yenilənmiş təkliflər tərəfimizdən qarşı tərəfə təqdim edilib, yaxın həftələrdə iki ölkənin xarici işlər nazirləri arasında müzakirələr üçün növbəti görüşün keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu məsələdə də mövqeyi ardıcıl və prinsipialdır, beynəlxalq hüquqa və ədalətə əsaslanır”, – C.Bayramov söyləyib.
Nazir ümidvar olduğunu əlavə edib ki, sülh məqsədilə atılan addımlar nəhayət ki, Ermənistan tərəfindən zəruri siyasi iradə və praktiki fəaliyyətlə cavablandırılacaq: “Normallaşma prosesinin məntiqi nəticəyə çatması üçün Ermənistan tərəfindən üzərinə götürülmüş öhdəliklərin təxirə salınmadan icra edilməsi, Azərbaycana qarşı əsassız ərazi iddialarına qətiyyətlə son qoyularaq, normal qonşuluq münasibətlərinin təsis edilməsi üçün əməli addımların atılması mühüm şərtdir”.