Bayramov Xaçkaya erməni təxribatından danışdı

Bayramov Xaçkaya erməni təxribatından danışdı

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ilə görüşüb.

Bu barədə AzerTimes-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Görüş zamanı, Azərbaycanla Albaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və perspektivləri, habelə regional məsələlər müzakirə edilib.

C.Bayramov Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun və təmasların ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Enerji sahəsində əməkdaşlığın Azərbaycan-Albaniya əlaqələrinin əsas istiqamətlərindən birini təşkil etdiyi bildirilərək “Cənub qaz dəhlizi”nin önəmi vurğulanıb.

C.Bayramov Ermənistan tərəfinin təxribatları barədə məlumat verərək liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib.

Öz növbəsində albaniyalı nazir ölkəsinin Azərbaycanla münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Azərbaycanla Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olunub və tərəflər üçün maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında məsləhətləşmələrin davam etdirilməsinin vacib olduğunu bildirilib.

Görüşdə, həmçinin iki ölkə arasında siyasi əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın iqtisadi, ticari, enerji, sərmayə qoyuluşu, turizm və digər sahələrdə genişləndirilməsi perspektivləri ilə bağlı məsələlərə toxunulub.

Teqlər: