Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi məqsədilə ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevi qəbul edib.
XİN-dən AzerTimes-a verilən məlumata görə, görüş zamanı, MDB çərçivəsində gündəlikdə duran aktual məsələlər, əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkilərinin müşahidəsindən irəli gələn məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın MDB ölkələri ilə ikitərəfli, o cümlədən Birlik çərçivəsində çoxtərəfli əməkdaşlığı uğurla davam etdirdiyini bildirərək, Birliyə üzvlüyümüzün sosial, mədəni, humanitar sahələrdə münasibətlərin daha da inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Cari ilin 7 fevral tarixində baş tutacaq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı görülən işlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, sözügedən seçkilərin 30 ildən artıq müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə keçirilməsi ilə əlamətdar olduğunu vurğulayıb. Seçkilərin təşkili ilə bağlı bütün hazırlıq işlərinin görüldüyü, eyni zamanda beynəlxalq müşahidəçilərin, habelə xarici media nümayəndələrinin seçkiləri müşahidə etməsi üçün lazımi tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ölkə xaricində yaşayan, habelə uzunmüddətli xarici ezamiyyətdə olan vətəndaşlarımızın seçki hüquqlarını həyata keçirməsi məqsədilə aidiyyəti işlərin görüldüyünü, bu istiqamətdə 37 xarici ölkədə 49 seçki məntəqəsinin yaradıldığını bildirib.
Baş katib Sergey Lebedev, Azərbaycanda keçiriləcək seçkilərin müşahidəsində iştirakla bağlı dəvətə görə təşəkkür ifadə edərək, hazırlıq işlərinin peşəkarlıqla aparılmasının təqdirəlayiq olduğunu bildirib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.