Ötən gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı aparılıb.
Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib.
Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.
Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.