Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 10-da Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borellə telefon danışığı zamanı Ermənistan tərəfinə təqdim olunan sülh müqaviləsinin elementləri və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı Praqada 6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və bundan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib.
Avropa İttifaqının ali nümayəndəsi Borel Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib. Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib.
Nazir Ceyhun Bayramov öz növbəsində Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb. Bununla yanaşı, Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.