Bayramla əlaqədar rayonlarımızda yerləşən hotellərdə artıq bütün yerlər dolub – Samir Dübəndi

Xəbər - Fərid Zöhrabov – Trend:

2021-ci ilin son ayına qədəm qoymuşuq. Yeni il bayramı ilə əlaqədar bir neçə gün iş olmayacaq. Bu fürsətdən istifadə edən vətəndaşlarımız istirahət etmək üçün xarici ölkələrə və bölgələrimizə üz tuturlar. Pandemiya ilə bağlı xarici ölkələrə gedi-gəliş çətinləşdiyindən, vətəndaşlarımız istirahət üçün bölgələrimizə üz tuturlar. Bundan başqa, xarici ölkəyə getmək, üstəlik bayram qeyd etmək baha başa gəlir.

Bu sözləri Trend-ə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyib.

Assosiasiya rəhbəri bildirib ki, bütün bunlar vətəndaşlarımızın xaricdə istirahət planlarını təxirə salmasına məcbur edir:


“Qış turizm istirahəti üçün əlverişli olan rayonlarımızda yerləşən otellərdə artıq bütün yerlər dolub. Qiymətlər əvvəlki illərə nisbətən artıb. Otellərdə Yeni İl gününə satılan qiymətə gecələmə, qidalanma, şou daxildir.

Pandemiyaya baxmayaraq xarici ölkələrə az da olsa gedənlər var. Vətəndaşlarımız əsasən qış tətilində Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinə üz tuturlar. Avropa ölkələrində isə qapanmalar olduğundan həmin istiqamətə gedənlər çox azdır.” -deyə S.Dübəndi bildirib.

Teqlər: