Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi bayram günlərində Dənizkənarı Milli Parkdan 2 istiqamət üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul edilib.
Bu barədə AzerTimes-a Agentlikdən bildirilib.
Məlumata görə, bunlar Dənizkənarı Milli Park – “20 Yanvar” metrostansiyası və Dənizkənarı Milli Park – “ Həzi Aslanov” metrostansiyası istiqamətləridir. Ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi “Park Bulvar”ın qarşısı müəyyən olunub.
Eyni zamanda Agentliyin göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarına qədər xidmət göstərəcək.
Agentlik bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verib.