Bir müddətdir ki, sosial şəbəkələrdə bayram şou proqramlarının qiymətlərinin baha olması, buna baxmayaraq, restoranlarda boş yerlərin olmaması müzakirə mövzusuna çevrilib. Bir çox restoranda qiymətlərin 1 nəfər üçün 150, bəzilərində isə 400 manatdan başlaması da narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri qiymətlərin əhalinin yaşayış səviyyəsinə uyğun olmamasını bildirirlər.
DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi AzerTimes-a bildirib ki, ənənəvi olaraq istirahət və bayram günlərində restoran xidmətlərinə yüksək tələbat olur:
“Buna görə də otellərdə, restoranlarda və digər turizm müəssisələrində yerlərin sayı azalır. Bəzi fürsətcil restoran sahibləri isə bundan istifadə edərək qiymətləri bahalaşdırır. Bir çox halda restoranların qiymətləri əhalinin orta aylıq gəliri ilə uyğunlaşmır və fantastik olur”.
S.Dübəndinin sözlərinə görə, son illərdə restoran biznesinə bu sahəni dərindən öyrənməyən, bilməyən insanlar gəliblər:
“Restoran biznesi digərləri ilə müqayisədə daha az investisiya tələb edən sahədir. Bu isə restoran biznesinə hazırlıqsız və iaşə xidməti sahəsində səriştəsi olmayan insanların gəlməsinin səbəblərindən biridir. Nəticədə fürsətcil, xüsusi və bayram günlərindən istifadə edərək daha çox gəlir əldə etmək istəyənlərin sayı bu sahədə artıb”.