Bayram günlərində bu cür qidalanın – Diyetoloq

Bayram günlərində bu cür qidalanın – Diyetoloq

Bayram günlərində istəyirik ki, süfrəmizdə bütün təamlar olsun və onlardan bol-bol istifadə edək. Lakin yediklərimizin sağlamlıq problemi yaratmaması üçün bayram süfrəsində diqqət yetirilməsi gərəkən bir sıra məqamlar var.

Bu sözləri AzerTimes-a açıqlamasında diyetoloq Tutu Zeynalova deyib.

Diyetoloq bildirib ki, bayram günlərində gündəlik qidalanmanı azaltmalıyıq:

“Normalda gün ərzində 3-4 dəfə qidalanırıqsa, bayram günlərində gec oyandığımız üçün 2 dəfə qidalanmalıyıq. Bu, artıq çəki almamaq üçün lazımdır”.

Zeynalovanın sözlərinə görə, süfrədə yemək sıralaması bu cür olmalıdır:

“Bayram süfrəsinə əyləşərkən ilk növbədə yeməyə salatla başlamalıyıq. Çalışaq ki, bayrama hazırladığımız salatlar mayonezsiz olsun. Mayonez və xamadan minimum istifadə etmək lazımdır. Yeməkləri bəyaz ətdən – toyuq, balıq, hind quşu ətindən hazırlasaq daha yaxşı olar. Çünki axşam saatlarında qırmızı ət daha çətin həzm olunur. Yeməyə salatla başlayıb, ətlə davam edib, karbohidratları (çörək, düyü, kartof) sona saxlamalıyıq. Bundan əlavə yeməkdən öncə həzmsizlik və köp problemlərinin aradan qaldırılması üçün evdə hazırlanmış 1 stəkan suya 1 çay qaşığı sirkə töküb içməliyik. Yemək yeyərkən tələsməməli, yeməyi yaxşı-yaxşı çeynəməliyik. Bu qidanın daha yaxşı həzm olunmasına xidmət edəcək. Yemək yedikdən sonra şirniyyatları növbəti günə saxlamaq daha əlverişli olar. Əgər şirniyyat yemək istəyirsinizsə, meyvə yeməməyiniz və karbohidratlardan az istifadə etməyiniz daha uyğun olar. Şirniyyat alarkən və ya hazırlayarkən çalışmalıyıq ki, onlar südlü şirniyyatlar olsun, bol kremli və biskvitli şirniyyatlardan uzaq olmalıyıq. Süfrədə əsas içki kimi sudan istifadə etmək lazımdır. Yeməkdən sonra yaxşı olar ki, 15 dəqiqə piyada gəzək. Bu da qan şəkərimizin dalğalanmasının və bayramın səhərisi günü başağrı olmadan oyanmağımıza səbəb olacaq. Bayram günlərində bol su içməli, bol hərəkət etməliyik”.

Teqlər: