Zəfər seçkilərinin təqvimi artıq başlayıb. İki ay ərzində dövlətin, hakimiyyət orqanlarının, cəmiyyətin üzərinə düşən müəyyən işlər var ki, bunlar artıq ortadadır, bəllidir.
AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zahid Oruc jurnalistlərə açıqlamasında deyib.
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əfv qərarının olub-olmayacağı barədə sualı cavablandıran Zahid Oruc bildirib:
“Amnistiya və əfv qərarlarına bağlı statistikanı səsləndirmək istəyirəm. 69 əfv sərəncamı ilə 9 minə yaxın insan azadlığına qovuşub. Dövlət həmin məhkum edilmiş şəxsləri bağışlayır. Bu, “Siz də bağışlayın” devizinin cəmiyyətə verilməsidir. Bu proses 1998-ci ildən davam edir, bəzən ildə iki dəfə həyata keçirilir. 11 amnistiya qərarı ilə on minlərlə insan azadlığına qovuşub və bu, cəza sisteminin özünü humanistləşməsi üçün də önəmli rol oynayıb. Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə bir addımın atılıb-atılmayacağına gəlincə, əlbəttə ki, bu, dövlətin qərar verəcəyi bir məsələdir. Əfv Məsələləri Komissiyası bunun üzərində addım ata bilər. Lakin bu barədə komissiya üzvü kimi ayrıca fikir söyləmək subyektiv olar. Bu məsuliyyəti üzərimə götürmək doğru deyil. Onu deyə bilərəm ki, bu ilin əvvəlində 800-dən çox şəxsimiz üçün Əfv Məsələləri Komissiyası dörd ay ərzində böyük işlər həyata keçirib. Burada işlər azad, şəffaf, aydın aparılıb”.