Bayrağımızın rəngində olan süpürgə hansı ölkədə hazırlanıb?

Bayrağımızın rəngində olan süpürgə hansı ölkədə hazırlanıb?

Bu süpürgələrin ölkəmizdə istehsal olunduğuna inanmıram. Ola bilər bunlar bizi sevməyən dövlətlərdən, İrandan, hətta Ermənistandan gətirilir. Çünki Gürcüstan “bufer zona” olaraq Ermənistanın bəzi mallarının Azərbaycana keçirilməsinə rahat şərait yaradır.

Bu sözləri AzerTimes-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai şuranın üzvü Eyyub Hüseynov deyib.

“İllər öncə Gürcüstan vasitəsilə Ermənistanın bəzi mallarının Azərbaycana keçirilməsi halları çox olsa da, hazırda azdır. Ümumiyyətlə, gömrükdə ciddi problemlər yaşanır. Buna görə də mənim gömrükçülərlə mübahisəm olmuşdu.

Əgər gömrükdə işləyən dövlət nümayəndələri qanunların pozulduğunu görürsə, onların səlahiyyətinə aid olmasa da, aidiyyəti orqanlara məlumat verməlidirlər. Nəyə görə bir dövlət orqanı qanunun pozulduğunu digər dövlət orqanına bildirmir? Bu bəla təkcə gömrükdə yox, digər qurumlar arasında da var. Əslində dövlət orqanları sinxron şəkildə işləməlidir. Nə KİV-lərin, nə də ictimai təşkilatların borcudur ki, bu məsələləri lazımi yerlərə ünvanlasın.

Süpürgənin nümunəsi bizdə olsa, onu dəqiq araşdırmaq olardı. Çox güman ki, gömrükdə bu süpürgəni görüblər. Ancaq “bizim sahəmizə aid deyil” deyib keçirilməsinə icazə veriblər. Bu yolverilməzdir! Azərbaycan bayrağının rəngləri ən ali məqamlarda görünməlidir. Ən azı gömrükçülər bu məsələdə vətənpərvərliklərini göstərməlidir! Onu idxal edən müəssisə də öz biznes məsuliyyətini dərk etməli və belə səhvlər etməməlidir”, – o bildirib.

Qeyd edək ki, İsmayıllı rayonunda mağazaların birindən alınan Azərbaycan bayrağının rəngləri əks olunmuş süpürgə sosial şəbəkələrdə etirazlara səbəb olub.

Teqlər: