Xəbər verdiyimiz kimi, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Bayrağımızı səhnədən qaparaq, yandıran Ermənistan İTV-nin əməkdaşı, tədbirin təşkilatçılarından olan Aram Nikolyanın işdən çıxarılacağı haqda məlumat yayılıb.
AzerTimes xəbər verir ki, stilistin vəkili Aleksandr Koçubayev bu barədə onlara rəsmi şəkildə heç bir müraciət daxil olmadığını bildirib.
Onun sözlərinə görə, Ermənistan İctimai Televiziyasının stilistika şöbəsinin rəhbəri olan Aram Nikolyana işdən azad olunması ilə bağlı tələb irəli sürülməyib.
“Aram Nikolyan işdən azad olunması ilə bağlı ərizə yazmayacaq. Əgər işdən çıxarılarsa, buna qarşı hüquqi prosedurlar başladılacaq”, – o vurğulayıb.
Qeyd edək ki, bundan öncə Ermənistan Baş naziri Nikol Paşinyanın Aram Nikolyanı işdən azad etmək barədə tapşırıq verdiyi haqda mediada informasiya yayılıb.
Qeyd edək ki, ötən gün Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Aram Nikolyan Azərbaycanın bayrağını səhnədən qaparaq, yandırıb.
Daha sonra saxlanaraq polis bölməsinə aparılan Nikolyan qısa müddətdən sonra azad edilib. Ona qarşı heç bir cinayət işi açılmayıb.