Bayrağımıza olan müqəddəs münasibət vətənpərvərliyimizin təzahürüdür – Səttar Möhbalıyev

Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri və şəxsən öz adımdan bütün Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1918-ci ilin 28 mayında xalqımız min bir əziyyətlə müstəqil Azərbaycan dövlətini qurdu və bayrağımızı Vətən göylərinə qaldıraraq müstəqilliyimizi bütün dünyaya bəyan etdi. O gündən ay-ulduzlu, üçrəngli bayrağımız dövlətçiliyimizə, Vətənimizə, müstəqilliyimizə olan sevgimizin rəmzinə çevrildi, milli həmrəyliyimizin, vahid məfkurə ətrafında sıx birləşməyimizin başlıca amillərindən biri oldu”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 70 il sovetlər birliyinin tərkibində olsaq da, xalqımız bütün təzyiqlərə baxmayaraq, dövlətçiliyinin simvolunu unutmadı, azadlıq və müstəqillik sevgisinin mənbəyinə çevirdi, bayrağımız istiqlal mübarizəsinin ilhamvericisi oldu: “Məhz Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamenti 1990-cı il noyabrın 17-də tarixi qərara imza ataraq üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağımızı yenidən Vətənimizin səmasına qaldıraraq müstəqilliyimizin əsasını qoydu. Bayrağımızın müstəqil Azərbaycanın dövlət rəmzi kimi təsbit edilməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında üç rəngli bayrağımız təsdiq olundu. Bu gün bayrağımız beynəlxalq və regional təşkilatların qarşısında qürurla dalğalanır, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıdır”.


“Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə özünü aydın göstərir. Belə ki, Prezident İlham Əliyev dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncam imzaladı. O vaxtdan 9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu, gənc nəsillin dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynayır”, – Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O, əlavə edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində üç rəngli bayrağımız işğaldan azad olunmuş Şərqi Zəngəzurda və Qarabağda böyük fəxarətlə dalğalanır: “İnanırıq ki, milli birliyimizin simvolu olan Dövlət bayrağımız bundan sonra da daha böyük zirvələrdə qürurla dalğalanacaq”.

Teqlər: