Baydenin “soyqırım” ifadəsindən istifadəsi tarixi saxtalaşdırmaqdır

Erməni lobbisinin uydurma, yalan və saxta məlumatlara əsaslanan təbliğatına uyan ABŞ prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatda “soyqırım” ifadəsini işlətməsi tarixi saxtalaşdırmaqdır. 106 il bundan qabaq birinci dünya müharibəsi zamanı 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərin təhrif edilməsi bir daha Amerikanın ikili siyasət yürütdüyünü, beynalxalq hüququ öz siyasətlərinə qurban verdiyini sübut edir.

Prezident Baydenin ABŞ dövlət başçılarının heç birinin bu vaxta qədər dilə gətirmədikləri qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi haqlı olaraq qardaş Türkiyədə, Azərbaycanda və Türkiyəyə dost olan bütün ölkələrdə kəskin etirazlarla qarşılanıb.

Tarixi faktlar göstərir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə həmin illərdə və sonralar türklər və azərbaycanlılar XX əsrin müxtəlif dövrlərində erməni faşistləri tərəfindən misli görünməmiş soyqırıma məruz qalıblar. Türkiyə rəhbərliyi dəfələrlə Ermənistana və bu məsələ ilə maraqlanan digər dövlətlərə müraciət edərək bildiriblər ki, Türkiyə 1915-ci il hadisələri ilə bağlı bütün tarixi məlumatları təqdim etməyə hazırdır. Ancaq həqiqətləri qəbul etməyən, ancaq yalan və uydurmalar üstündən siyasət quran Ermənistanı bu tarixi məlumatlar maraqlandırmır.

Baydenin bəyanatında “soyqırım” ifadəsinin indi dilə gətirilməsinin bir çox səbəbləri var. Birincisi Baydenin Amerikada fəaliyyət göstərən erməni lobbisi ilə yaxın əlaqələri məlumdur. Bu səbəbdən o seçkiqabağı kampaniyada Amerikada yaşayan ermənilərə verdiyi sözü tutdu. O eyni zamanda bununla son illərdə artıq heç kimdən aslı olmayan siyasət yürüdən, sürətlə inkişaf edən, güclənən, regionun şəksiz liderinə çevrilən, dünyanın güc mərkəzlərindən biri olan Tükiyəyə təsir göstərmək istəyir. Səbəblərdən biri də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı 44 günlük Vətən müharibəsində biyabırçı şəkildə Azərbaycana uduzan, kapitulyasiya aktını imzalayan Ermənistana, ümumiyyətlə ermənilərə təsəlli verməkdir.

Bu bəyanatla ABŞ-ın hazırki prezidenti Co Bayden özündən qabaqkı prezidentlərindən fərqli olaraq erməni lobbisindən aslı olduğunu sübut etdi və yalançı, uydurma və saxta erməni tarixinə düşdü.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: