Xəbər - Elçin Mehdiyev – Trend:
ABŞ prezidentinin qondarma hadisələri “soyqırımı” kimi tanıması ABŞ tarixində böyük siyasi səhvdir və tarixin saxtalaşdırılmasına verilən bir dəstəkdir.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova vurğulayıb ki, özünü dünyada demokratiyanın beşiyi, ədalətin, sülhün və sabitliyin təminatçısı hesab edən ABŞ-ın indi belə bir yanlış addım atması heç cür anlaşılan deyil:
“Əgər ABŞ öz xarici siyasətində səmimidirsə, Türkiyənin arxivləri açmaq, birgə komissiya yaradaraq hadisələrin araşdırılması təklifinə dəstək verərdi. Tarixə qiymət vermək tarixçilərin işidir, siyasətçilərin yox. Co Baydenin heç bir araşdırma aparılmadan, tarixçilər tərəfindən hər hansı bir rəy olmadan uydurma hadisələri “soyqırım” adlandırması sadəcə olaraq ikili standartların təzahürü və Türkiyəyə təzyiq göstərmək cəhdidir. Lakin Co Bayden bu yanlış addımın əslində ABŞ-ın xarici siyasətinə, nüfuzuna, eyni zamanda Ermənistanın gələcək taleyinə ciddi təsir edəcəyini əvvəlcədən hesablamalı idi.
Bu gün Türkiyə regionda ABŞ-ın etibarlı tərəfdaşıdır. Co Bayden bu münasibətləri gücləndirmək əvəzinə, hansısa uydurma hadisələri “soyqırımı” adlandıraraq Türkiyə kimi tərəfdaşı ilə münasibətləri korlamış oldu. Bu addım regionda ABŞ-ın milli maraqlarına böyük zərbədir, çünki onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın azalan nüfuzu bundan sonra daha da zəifləyəcək.
Düşünürəm ki, ABŞ-ın bu yanlış qərarında erməni lobbisinin də təsiri az deyil. Bu gün ABŞ-da erməni lobbisinin təsiri altına düşən kifayət qədər rəsmi şəxslər var və görünür bu ədalətsiz qərar uzun illər ərzində erməni lobbisinin böyük pullar sərf edərək apardığı lobbizmin də bir nəticəsidir. ABŞ kimi nəhəng bir dövlətin erməni lobbisinin təsiri altına düşərək milli maraqlarına zərbə vuran, saxtakarlığa rəvac verən bir addım atması sadəcə təəssüf doğurur”.
Deputat qeyd edib ki, ABŞ-ın bu qərarı əslində Ermənistanın özünü da zərbə altında qoymuş oldu: “Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsi nəticəsində regionda yeni əməkdaşlıq mühiti yaranıb, regionda kommunikasiyaların açılması, Ermənistanın blokadadan çıxması, iqtisadi inkişafı, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılması, regionda sülhün və sabitliyin bərqərar olması üçün yeni imkanlar açılıb.
Belə bir məqamda ABŞ-ın qıcıqlandırıcı bir addım atması yeni yaranmış əməkdaşlıq mühitinə ciddi zərbədir, eyni zamanda Ermənistanda revanşist qüvvələrə dəstəkdir. Belə görünür ki, ABŞ əslində regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı deyil. Co Baydenin bu yanlış adımının hansı mənfi nəticələrə gətirib çıxaracağını zamanla görəcəyik, ancaq hesab edirəm ki, əgər ABŞ öz xarici siyasətində, tərəfdaşlıq münasibətlərində səmimidirsə, saxta “soyqırımı” ifadəsinin yanlış olduğunu bəyan edərək bu ifadədən imtina etməlidir”.