Baydenin məktubu Azərbaycanın Cənubi Qafqazda regional güc kimi qəbul edildiyinin növbəti isbatıdır – Tamam Cəfərova

“ABŞ prezidenti Cozef Baydenin Müstəqillik Günü münasibətilə
cənab Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubu
ABŞ-Azərbaycan münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini
göstərməklə yanaşı, ölkəmizin Cənubi Qafqazda regional güc kimi
qəbul edildiyinin növbəti dəfə isbatıdır. Təbrik məktubunda bir çox
önəmli məqamlara diqqət çəkməklə bərabər, mürəkkəb siyasi
proseslərin getdiyi bir dövrdə ölkəmizin dünya dövlətləri arasında
sülhə və sabitliyə hədəflənmiş siyasətini ifadə edən mesajlar
xüsusilə diqqət çəkir”.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam
Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, ABŞ prezidentinin təbrik
məktubunda ilk öncə ABŞ-Azərbaycan münasibətlərinin tarixinə və
ötən 30 il ərzində əldə olunmuş nailiyyəltərə, enerji mənbələrinin
şaxələndirilməsində, eləcə də, Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında Azərbaycanın müstəsna roluna xüsusi yer verilib.
Bu, ABŞ-ın enerji mənbələrinin şaxələndirilməsi, Avropa və dünya
bazarlarının təhlükəsizliyin və sabitliyin təmin olunmasında
Azərbaycanla əməkdaşlığa nə qədər önəm verdiyinin növbəti
təzahürüdür. Eyni zamanda, bu, Azərbaycanın enerji resurslarının
Avropa və dünya bazarlarına çıxışının təmin olunmasının
vacibliyinin vurğulanmasıdır.

Məktubun ikinci hissəsində ABŞ-ın xüsusilə Cənubi Qafqazda
sülhün və sabitliyin təmin olunmasına və Trans-Xəzər regionun
çiçəklənməsinə, Azərbaycan və Ermənistan arasında danışıqlar
prosesinin intensivləşdirilməsinə, iki ölkə arasında iqtisadi,
nəqliyyat və insanlararası münasibətlərin inkişaf etdirilməsinə
dəstək verməyə hazır olduqları vurğulanmışdır. Bu nöqteyi-nəzərdən
qeyd etməliyik ki, ABŞ-ın regionda yaranan yeni reallığı qəbul
etməsi və dəstəkləməsi C. Bayedinin məktubunda öz əksini tapıb.
Bayden mövcud vəziyyəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq
üçün mühüm imkan kimi qiymətləndirib. Bununla bağlı məktubda
deyilir: “İndi Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün mühüm
imkana bəslənən ümid zamanıdır. Amerika Birləşmiş Ştatları bütün
Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək
Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların
intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və
insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazırdır”.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd
edib ki, ABŞ prezidentinin məktubu onu deməyə əsas verir ki,
dünyanın super gücü olan Amerika Azərbaycanı regionun lider dövləti
kimi qəbul edir. Xüsusilə, Qafqaz və ümumən Trans-Xəzər regionunun
inkişafı və gələcək əməkdaşlıq perspektivləri baxımından
Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə önəm verilir.
Burada bir məsələni də xüsusilə qeyd etməliyik ki, ABŞ fərqindədir
ki, regionun inkişafı Azərbaycanın və onun liderinin qlobal
miqyaslı səyləri və konstruktiv mövqeyi ilə sıx bağlıdır. Bu
baxımdan, ABŞ Azərbaycanla münasibətlərə yüksək dəyər verir və
gələcək əməkdaşlığı da yeni müstəvidə davam etdirməkdə maraqlıdır.
Millət vəkili Tamam Cəfərova belə deyib.

Teqlər: