Baydenin bəyanatının heç bir elmi və hüquqi əsası yoxdur – Kamaləddin Qafarov

“Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti Co Baydenin 2021-ci il aprelin 24-də Osmanlı imperiyası dövründə ermənilərin sözdə soyqırımının anım gününü qeyd etdiyi günə təsadüf edən bəyanatının hər hansı bir elmi və ya hüquqi əsası yoxdur, çünki heç bir dəlilə və tarixi fakta əsaslanmır. Ermənistanın siyasi dairələrinin və ən əsası, beynəlxalq erməni lobbisinin rəsmi Vaşinqtona illərlə göstərdiyi təzyiqin nəticəsində C.Baydenin ABŞ prezidentləri arasında ilk dəfə olaraq “soyqırım” sözünü işlətməsi siyasi uzaqgörməzlik və qərəzkarlıqdan başqa bir şey deyidir. Əgər tarixi sənədlərə nəzər salınsaydı, faktlar araşdırılsaydı, onda məlum olardı ki, əslində, gerçək soyqırımına məruz qalanlar məhz türklər olublar”

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov bu sözləri yap.org.az. saytına müsahibəsində bildirmişdir.

Millət vəkili demişdir ki, məlum olduğu kimi, aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlədib. 78 yaşlı prezident bildirib ki, bu ifadəni kimisə günahlandırmaq üçün yox, faciələrin təkrarlanmaması üçün işlədir. C.Bayden NATO üzrə çox güclü müttəfiqi olan Türkiyəni qəzəbləndirməmək üçün, bu cür yumşaq və ehtiyatlı ifadələr işlətməyə çalışsa da, faktiki olaraq dost və qardaş Türkiyəyə neqativ münasibətini ortaya qoymaqla böyük bir risk və ədalətsizlik etmişdir

Millət vəkili “ABŞ Prezidentinin Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyasında baş vermiş olaylarla bağlı “soyqırım” ifadəsini işlədəcəyi gözlənilən idimi?” sualını cavablayarkən demişdir: “Bayden bunu etməklə, ifrat erməni millətçilərinə, erməni lobbisinə və Türkiyə əleyhinə olan qruplara hələ seçki kampaniyası dövründə verdiyi vədini yerinə yetirib. Bildiyimiz kimi, o, 2020-ci ildə seçki kampaniyası zamanı “erməni soyqırımını tanıyan qətnaməni dəstəkləyəcəyini və universal insan hüquqlarını baş prioritet edəcəyini” bildirmişdi. Çərşənbə günü ABŞ Nümayəndələr Palatasının hər iki partiyadan olan 100 üzvündən ibarət bir qrup Baydenə ünvanladığı məktubda onu hadisələri soyqırım kimi tanıyan ilk ABŞ prezidenti olmağa çağırmışdı.Çox təəssüf ki, hətta ABŞ Dövlət Departamentinin də son günə qədər C. Baydenin bu hərəkətini proqnazlaşdırmaqdan çəkinməsinə rəğmən, Türkiyə rəsmilərinin təbirincə desək, o, tarixi səhvə imza atdı.


Kamaləddin Qafarov sözünə davam edərək demişdir: “Azərbaycan Xarici İşlər Nazirliyi artıq ABŞ prezidetinin erməni anım günü münasibətilə yaydığı bəyanata verdiyi şərhdə “tarixi həqiqətlərin təhrif olunması” ilə bağlı təəssüf hissini ifadə edib. Çox təəssüf ki, qondarma “erməni soyqırımı” mövzusunu siyasiləşdirərək gündəmə gətirənlər, həmin dövrdə erməni silahlı dəstələri tərəfindən 500 mindən artıq insanın kütləvi öldürülməsi halları, habelə erməni daşnaklarının 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlara münasibətdə susqunluq nümayiş etdirir”.

Millət vəkili C.Baydenin qətlləri soyqırım kimi tanınmasının hansı assosiasiyalarla müşayiət olunacağı barədə təxminlərini də dilə gətirib: “Bu məsələ sözsüz ki, ABŞ-ın və Türkiyənin NATO müttəfiqləri kimi aralarında olan münasibətlərə ziyan vuracaq. Bu nöqteyi-nəzərdən, Bayden açıq-aydın şəkildə beynəlxalq hüququ pozan, ədalətə zidd bəyanat verməklə Amerikanın maraqlarını erməni lobbisinə qurban vermişdir. O da bəllidir ki, Türkiyə tərəfi dəfələrlə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib, çünki yaxşı bilirlər ki, onların bir əsr əvvəl “soyqırımına” məruz qalmış kimi təqdim etdikləri əcdadları Türkiyəni bölmək istəyən xarici qüvvələrin əlində oyuncaq olmuşlar. Əslində isə, gerçək soyqırıma məruz qalan türklər və azərbaycanlılar olublar. Birinci Dünya müharibəsi vaxtı Osmanlı imperiyasına müharibə elan edən çar Rusiyasının silahlandırdığı erməni silahlı dəstələrinin vəhşilikləri nəticəsində 500 mindən çox türk, on minlərlə azərbaycanlı qətlə yetirilmişdir”.

Teqlər: