Rusiya ilə qarşı-qarşıya gəlmək və Çinlə rəqabətdən qalib çıxmaq üçün Səudiyyə Ərəbistanı ilə birbaşa qarşılıqlı əlaqə lazımdır.
AzerTimes xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, Səudiyyə hakimiyyəti dünya bazarına neft tədarükünü genişləndirmək və neftin qiymətini aşağı salmaq üçün ABŞ administrasiyası ilə işləyir.
“Prezident kimi mənim işim ölkəmizi güclü və təhlükəsiz saxlamaqdır. Biz Rusiyanın təcavüzünə qarşı durmalı, Çinlə rəqabətdə qalib gəlmək üçün özümüzü ən yaxşı vəziyyətdə saxlamalı, dünyanın mühüm regionunda daha böyük sabitlik üçün çalışmalıyıq. Səudiyyə Ərəbistanı da belə işlərin nəticələrinə birbaşa təsir göstərə bilən ölkələrdən biridir”, – Bayden bildirib.
Bayden Səudiyyə Ərəbistanı liderləri ilə planlaşdırılan görüşün məqsədini ABŞ-ın fundamental dəyərlərinə sadiqliyi qoruyaraq ümumi maraq və məsuliyyətlərə əsaslanan strateji tərəfdaşlığı gücləndirmək və inkişaf etdirmək adlandırıb.