ABŞ Prezidenti Cozef Bayden Nyu-Cersi ştatında çıxışı zamanı qlobal istiləşmənin ölkəsinin iqtisadiyyatına təsirindən danışıb.
AzerTimes-ın məlumatına görə, C.Bayden 2021-ci ildə qlobal istiləşmədən dəyən zərəri 100 milyard dollar qiymətləndirib.
ABŞ Prezidenti sentyabr ayında “İda” qasırğasının zərər vurduğu Nyu-Cersiyə gəldiyini xatırladıb. Təbii fəlakəti C.Bayden iqlim dəyişikliyi ilə əlaqələndirib:
“Təkcə bu il qlobal istiləşmə bizə bir trilyondan çox, bağışlayın, 100 milyard dollar ziyan vurub”.
Onun sözlərinə görə, federal hökumət təxminən 30 min Nyu-Cersi sakininin yardım üçün müraciətlərini təsdiqləyib və təmir, dəyişdirmə, kirayə və digər ehtiyaclarla bağlı yardım üçün 150 milyon dollar ayırıb: “2010-2020-ci illər arasında bu ştatda 24 ekstremal hava hadisəsi baş verib”.