Vaşinqtonun Tehranla nüvə anlaşmasına marağı azalıb, danışıqlar dondurulub. Bu təbiidir. Çünki İran çalxalanır, Vaşinqton hazırki vəziyyətdə gözləmə mövqeyinə keçərək hadisələrin hansı istiqamətdə inkişafını müşahidə edəcək.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, ABŞ Prezidenti Co Baydenin “biz İranı tezliklə azad edəcəyik” açıqlamasından da görünür:
“ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu, asan başa gəlməyəcək. Rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb, cin şüşədən çıxıb. Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir.
Təki Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın o zamankı liberal görüşlü baş naziri Məhəmməd Müsəddiqi devirərək, şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və islam inqilabına şərait yaratdılar”.