Bayden bu ölkəni “bitirmək” üçün hərəkətə keçdi

Bayden bu ölkəni “bitirmək” üçün hərəkətə keçdi

Dünyanın taleyi ABŞ-da seçkilərdən asılıdır. ABŞ-ın növbəti prezidenti kim olacaq: Bayden, Tramp, yoxsa Ron DeSantis?

AzerTimes xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, Bayden 5 noyabr 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürüb və seçki kampaniyasına yenidən Kamala Harris ilə tandemdə (Bayden prezident, Harris vitse-prezident) qoşulur:

“Paylaşdığı video-müraciətdə çox maraqlı və düşündürücü ifadəni işlətdi: “Biz başladığımız işi bitirməliyik”. Heç şübhəsiz ki, ABŞ Prezidenti Rusiyanın çökdürülməsini nəzərdə tutur.

Baydenin seçki qəragahına xanım Culi Çavez Rodrigez rəhbərlik edəcək. Xanım Rodrigezin müavini Kventin Fulks olacaq. Baydenin seçki qərargahının mətbuatla işlərini isə Kevin Munyos kurasiya edəcək.

Qeyd etmək lazımdır ki, seçki qərargahında məhz latınamerikalılar mühüm vəzifələrə təyin olunub (Rodrigez, Munyoz və başqaları). Culi Çavez Rodrigez latınamerikalılar arasında böyük nüfuza malik olan hüquq müdafiəçisi Sezar Çavezin nəvəsidir”.

Ekspert xatırladıb ki, Bayden 2020-də seçkilər zamanı latınamerikalılardan istədiyi qədər səs ala bilməmişdi və 2024-cü il seçkilərində onların səsləri uğrunda mübarizəyə böyük önəm verəcək.

Respublikaçıların durumuna nəzərə salan politoloq qeyd edib ki, 2022-ci il 8 noyabr qubernator (Florida ştatı) seçkilərində respublikaçıların namizədi Ron DeSantis parlaq qələbə qazanmışdı (60%-40%). Məhz bu məqam partiyanın daxilində güc balansının dəyişdirilməsi baxımından çox önəmli idi:

“DeSantisin ümumi reytinqi Trampın reytinqini üstələmişdi və respublikaçıların elitası partiyadan 2024-cü ildə prezident seçkilərinə namizədin dəyişdirilməsi (Trampın DeSantislə əvəzlənməsi nəzərdə tutulur) barədə ciddi düşünməyə başladı. DeSantis həqiqətən çox bacarıqlı qubernatordur, bu danılmaz faktdır, amma dünyanın ən qüdrətli ölkəsinin prezidenti olmaq üçün bu bacarıqlar yetərli deyil. 8 noyabr seçkilərindən sonra DeSantis nəinki ABŞ-ın, bütün dünyanın diqqət mərkəzindəydi və görsənən odur ki, Ron DeSantis bu dərəcədə ciddi təzyiqlərə hazır deyildi. Həm daxili, həm xarici siyasətlə bağlı davamlı qeyri-ciddi bəyanatlar və siyasi səhvlər (misal üçün DeSantisin “Mikki Mausa” elan etdiyi “müharibə”) nəticəsində DeSantis sürətlə reytinqini itirirdi. Əlbəttə ki, həmin dövrdə Tramp DeSantisə qarşı hücuma keçmişdi və DeSantis qorxdu, Trampın nüfuzu qarşısında geri çəkildi. Sıravi respublikaçılar isə “bizə 2-ci Tramp yox, Trampın özü lazımdır” mövqedən çıxış etdilər və nəticə etibarı ilə sıravi respublikaçılar arasında Trampın bugünkü reytinqi 70%-dir”.

Politoloqun fikrincə, respublikaçıların elitasının bir hissəsi Trampı sevməsə də, onu dəstəkləmək məcburiyyətində olacaq:

“1. Respublikaçı konqresmenlərə və senatorlara səs verənlər Trampın radikal elektoratıdır. Elita o elektoratı itirməyə qorxur və onun girovuna çevrilir;

2. Tramp elitanı “bitərəf namizəd” kimi seçkilərə qatılmaqla hədələyir. Trampın radikal elektoratı 40-45 milyon amerikalıdır. Tramp bitərəf kimi seçkilərə qatılsa, Trampın və respublikaçıların ayrı-ayrılıqda qələbə ehtimalı sıfra düşəcək”.

K.Cəfərov demokratların namizəd irəli sürməkdə tərəddüd etməyəcəyini, bunun Bayden olacağını bildirib:

“Ümumiyyətlə Baydenin fenomenal bir bacarığı var, Bayden peşəkarcasına “birləşdirici” rolunu oynaya bilir”.

Ekspert buna misal kimi açıq qarşıdurmada olan Hillari Klinton və Berni Sandersin hər ikisinin Baydeni dəstəkləməsini, Trampın yaratdığı qarşıdurmalara son qoyaraq, bütün qurumları Ağ Evin ətrafında birləşdirməsini, daxilində çat vermiş NATO və Aİ-nin birliyini bərpa etməsini, Rusiyanın Ukraynaya hücumu fonunda Ukraynaya dəstək məqsədilə “Ramştayn formatı” yaradılmasını və NATO ilə başqa regionlardan olan müttəfiqlərini bir yerə gətirməsini göstərib:

“Nəticə etibarı ilə Demokratlar 2024 seçki kampaniyasına vahid qüvvə kimi və vahid mövqe ilə qatılırlar. Respublikaçılar Partiyası isə tarixində ən dərin ideoloji böhran yaşayır və bu fonda seçki kampaniyasına qatılır”.

Teqlər: