Bayden 1,9 trilyon dollarlıq iqtisadiyyatın stimullaşdırılması paketini imzalayıb

ABŞ Prezidenti Cozef Bayden daha əvvəl Konqress tərəfindən təsdiqlənən pandemiya şəraitində iqtisadiyyatın stimullaşdırılması üzrə 1,9 trilyon dollarlıq tədbirlər paketini imzalayıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, imzalanma mərasimi Ağ Evdən ölkənin xəbər telekanalları tərəfindən yayımlanıb.

C.Bayden bildirib: “Bu tarixi qanunvericilik təşəbbüsü bu ölkənin təməlini bərpa etmək məqsədi daşıyır və bu ölkənin insanlarına, işləyən insanlara, orta təbəqəyə, bu ölkəni quranlara yaxşı bir fürsət verir”.


Qeyd edək ki, ABŞ qanunvericiləri tərəfindən təsdiqlənən təşəbbüs C.Baydenin yeni koronavirusun yayılmasının iqtisadi nəticələrini aradan qaldırmaq üçün təklif etdiyi proqrama əsaslanır. Tədbirlər paketi təxminən 400 milyard dolların birbaşa pandemiya ilə mübarizəyə sərf edilməsini nəzərdə tutur. Təxminən 1 trilyon dollar əhalinin dəstəklənməsinə, qalan məbləğ isə iqtisadiyyatın stimullaşdırılmasına yönəldilməlidir. Proqram çərçivəsində amerikalıların əksəriyyəti 1 400 dollar məbləğində birdəfəlik ödəmə alacaqlar.