Son bir neçə ayda Azərbaycan televiziya məkanında aşağı səviyyəli verilişlərdən narazılıq artıb. Dövlət büdcəsindən maliyyələşən telekanallar müəyyən edilmiş parametrləri gözləyərək, bayağı verilişlər vermir. Özəl telekanallarda isə keyfiyyətsiz şouların sayı çoxalıb.
Bu sözləri AzerTimes-a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
“Telekanal rəhbərləri problemi aradan qaldırmaq imkanındadır. Özəl televiziya rəhbərləri həmin bayağı şou proqramların maliyyə gətirdiyini bildirərək, əməllərinə bəraət qazandırırlar. Ancaq proqram siyasətini müəyyənləşdirən şəxslər belə verilişləri proqrama salmağa məhdudiyyət qoymalıdır. Xatırladaq ki, 4-5 il əvvəl də belə bir dalğa var idi. Həmin verilişlər cəmiyyətdə ciddi narazılıq yaratdığı üçün tədricən aradan qaldırılmışdı. İndi isə yenidən efirə ayaq açıb. “Şou ulduzlar” bir kanaldan digərinə keçid edərək, bu səviyyədə verilişləri aparmaqda davam edir. Dünya təcrübəsində televiziyalara müəyyən maarifçilik funksiyası ayrılır. Şou hazırlamaq normaldır. Lakin standartlara diqqət etmək lazımdır. Verilişin güclü kompozisiyası, elementləri həddən artıq müasir, dramaturgiyası və yaxşı aparıcısı olmalıdır ki, tamaşaçı ona baxsın. Hesab edirəm ki, telekanal rəhbərliyi özünə hesabat verərək həmin o bayağı verilişlərdən yaxa qurtarmalıdır”, – Qulu Məhərrəmli bildirib.