“Baxmut fatehi” Putini üstələyir: proses hara gedir?

“Baxmut fatehi” Putini üstələyir: proses hara gedir?

Rusiyada müharibənin dəstək reytinqi düşdükcə ölkənin daxilində hakimiyyət uğrunda mübarizə prosesi gərginləşir və Priqojinin siyasi səhnədə əsas aktorlardan biri olması artıq danılmaz faktdır.

Müharibənin reytinqi sürətlə düşdükcə, xalqın hakimiyyətə suallarının sayı artır və xalq öz qəzəbini artıq gizlətmir. Məsələnin incəliyi ondan ibarətdir ki, rusiyalıların hökumətə verdiyi əsas sual “niyə müharibəyə başlamısınız” deyil, “niyə uduzuruq” sualıdır və bu sual cəmiyyətin mahiyyətini ortaya qoyur. Tələb isə təklifə ehtiyac yaradır və Priqojin cəmiyyətə “qalib komandan”, “Baxmut fatehi”, “yeganə qalib komandan” obrazını təklif edir, təbii ki, bu obrazın müəllifi və icraçısı özüdür.

Məhz bu obraz böyük sürətlə xalq arasında Priqojinə rəğbət qazandırır. Gerçək təsir imkanları və resursları əldə etmək üçün Priqojin siyasi elitanı da öz tərəfinə çəkməyə cəhdlər göstərir.

Vacib məqama fikir verməliyik, o öz siyasi nüfuzunun pikində, Baxmutu ələ keçirəndən sonra “Vaqner”i cəbhədən geri çəkdi. Priqojin bilirdi ki, Ukrayna SQ-nin əks-hücumu başlayanda Rusiya SQ ilə yanaşı “Vaqner”in də aqibəti ağır ola bilər və bu riski qiymətləndirərək cəbhəni “Baxmut fatehi” kimi tərk etdi.

Maraqlı məqam odur ki, Rusiya dövlət televiziyasında Priqojinin adının çəkilməsi birmənalı olaraq qadağan olunub. Qərbin siyasi texnoloqları hesab edirlər ki, əgər bərabər şəraitdə Putinin Priqojinlə mediada siyasi rəqabəti başlasa, Priqojin Putini üstələyəcək, ona görə ki, cəmiyyətin tələbinə uyğun təklifi var, “velikoros” şovinizmi qidalandırmaq üçün siyasi kapitalı var, Putin isə bu kapitalı artıq xərclədi.

Paradoks ondan ibarətdir ki, Rusiya müharibədə uduzduqca, Priqojin güclənəcək və artıq bir çox internet media platformasında Priqojinin təbliğatı aparılır. Bu azmış kimi, küçələrdə divarlarda fərqli şüarlarla Priqojinin şəkillərinə də rast gəlmək olur.

Qanunsuz silahlı dəstəsinin rəhbəri Rusiyada gündən-günə daha böyük nüfuz sahibi olur, amma hara qədər?

Budur əsas sual…

Teqlər: