“Vaqner” rəhbəri Yevgeni Priqojini qiyam fikrindən daşındıran və onu geri çəkilməyə razı salan şəxslərdən biri də Tula qubernatoru Aleksey Dyumindir.
AzerTimes xəbər verir ki, TSN Dyuminin Priqojinlə birbaşa danışıqlar aparmaq üçün onunla görüşə getdiyini yazıb.
“Dyumin görüşə tam silahlanmış halda, gülləkeçirməz gödəkçədə gedib. O, Putinin ən çox etibar etdiyi şəxslərdən biridir və bunu Priqojin də bilir. 50 yaşlı Dyumin general-polkovnik rütbəsi daşıyır, 2014-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Rusiya Federasiyasının Xüsusi Əməliyyat Qüvvələrinin komandanı olub. Krımın işğalı zamanı əsas rollardan birini oynayıb. Dyumin 2014-cü il fevralın 23-nə keçən gecə Yanukoviç üçün təcili təxliyə əməliyyatı hazırlayıb və həyata keçirib”, – məlumatda qeyd edilir.
İddiaya görə, Dyumin Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla bağlı vəzifədən çıxarılma tələbinin qəbul edildiyini ona çatdırıb. Ancaq konkret vaxt deyilməyib.
Priqojinin Moskva yürüşünü dayandırmasına səbəb olan əsas amil isə verilən vədlərdən birinin dərhal yerinə yetirilməsidir. Belə ki, Rusiya Baş Prokurorluğunun Priqojin və vaqnerçilərlə bağlı qaldırdığı cinayət işi dərhal ləğv edilib.
Saytın mənbəsi bildirib ki, bu ləğvetmə qanunlara qarşıdır və prosedur pozuntusudur, buna baxmayaraq, bu addım atılıb və Priqojin vədlərin yerinə yetiriləcəyinə əmin olub.
Daha bir maraqlı məlumat isə Dyuminlə Priqojinin münasibətləridir. İddiaya görə, Priqojin Dyumini çoxdan tanıyır və ona peşəkar hərbçi kimi inanır.
Dyuminin həm də Putinin 3 mümkün siyasi varisindən biri olduğu bildirilir.
Qeyd edək ki, rəsmi olaraq Dyuminin danışıqlarda iştirakı təsdiqlənməyib. Priqojinlə danışıqları “Vaqner” liderini 20 ildir tanıdığı və onunla münasibəti olan Belarus lideri Lukaşenkonun apardığını Kreml də elan edib və Putin Belarus prezidentinə uğurlu danışıqlara görə təşəkkür edib.