Batut Gimnastikası və Tamblinq üzrə Dünya Çempionatı çərçivəsində ağacəkmə mərasimi keçirilib (FOTO/VİDEO)

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycan Gimnastika Federasiyası Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı çərçivəsində ağacəkmə mərasimi keçirib.

Trend-in məlumatına görə, mərasim ötən gün Milli Gimnastika Arenasının parkında keçirilib.

Tədbirdə dünya çempionatının ulduz səfirləri, Olimpiya oyunlarının üçqat mükafatçısı, batut gimnastikası üzrə dünya çempionu Karen Kokbern (Kanada) və batut gimnastikası üzrə dünya və Avropa çempionatlarının qalibi Devid Martin (Fransa), Beynəlxalq Gimnastika Federasiyasının, yerli təşkilat komitəsinin nümayəndələri, məşhur gimnastlar iştirak edib.

Qeyd edək ki, ağacəkmə aksiyalarının əsası 2019-cu ildə bədii gimnastika üzrə 37-ci dünya çempionatı zamanı qoyulmuşdu. Bundan başqa, bu cür aksiya 2021-ci ildə aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı zamanı keçirilmişdi.

Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: