Xəbər - Cani Babayeva – Trend:
Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Oğlanlar arasında “gənclər” yaş kateqoriyasında batutla tullanma üzrə Maqsud Maqsudov (56,410 xal) qızıl, Nicat Mirzəyev (53,240 xal) gümüş, Mehdi Əliyev (50,110 xal) bürünc medal qazanıb.
Maqsud Maqsudov və Nicat Mirzəyev Bakı Gimnastika Məktəbinin, Mehdi Əliyev isə “Ocaq” idman klubunun yetirməsidir.
Qızlar arasında “gənclər” yaş kateqoriyasında batut idmanı üzrə Şəfiqə Qurbanova (44,760 xal) fəxri kürsünün birinci pilləsini, Ayan Şabanova (43,880 xal) ikinci, Duyğu Əlizadə (39,810 xal) üçüncü piləsini tutub.
Şəfiqə Qurbanova və Ayan Şabanova Bakı Gimnastika Məktəbində, Duyğu Əlizadə isə “Ocaq” idman klubunda çıxış edirlər.
Qadınlar arasında batut idmanı üzrə “böyüklər” yaş kateqoriyasında Bakı gimnastika məktəbinin yetirməsi Selcan Maqsudova 53,670 xalla çıxış edib.
Qeyd edək ki, yanvarın 29-da Bakı Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 6-cı, tamblinq üzrə 18-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı start götürüb.
Çempionat və birincilikdə ümumilikdə batut üzrə 34, tambliq üzrə 20 idmançı iştirak edir.
Turnirdə idmançılar fərdi proqramda batut üzrə balacalar (2015), uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük), tamblinq üzrə uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) və böyüklər (2005-ci il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar.
Yarışlar Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçirilir.
(Tərcümə: Orxan Nəbiyev)