Batumidə evin dağıntıları altında 10-15 nəfər qala bilər

Xilasedicilər Gürcüstanın Batumi şəhərində uçmuş evin dağıntıları altından daha bir nəfəri çıxarıblar.

AzerTimes-ın məluamtına görə, çıxarılan orta yaşlı kişi təxminən 11 saat sonra xilas edilib.

Daha əvvəl gənc qadın dağıntılar altından çıxarılaraq Batumdakı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Qadının ərinin sözlərinə əsasən, xilasedicilər dağıntılar altından onların uşaqlarının səslərini eşidiblər.

Hadisə yerində təxminən üç yüz xilasedici işləyir. Daxili İşlər Nazirliyi bütün sakinlər tapılana qədər əməliyyatın dayanmayacağını bildirir.

Daxili işlər naziri Vaxtanq Qomelaurinin uçulan evin altında təxminən 10-15 nəfərin ola biləcəyini bildirib. Bir nəfərin öldüyü barədə məlumat verilib, lakin həlak olanın nəşi hələ çıxarılmayıb.


İndiyədək yalnız iki nəfər xilas edilib – kişi və qadın.

Daha əvvəl xilasedicilər evin yaxınlığında dayanan və daşlar altında qalan avtomobildən üç nəfər – 1 və 6 yaşında uşaqlar və bir qadını çıxara biliblər . Hər üç şəxsin vəziyyəti qənaətbəxşdir, onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Xatırladaq ki, Batumidə 70-ci illərin sonlarında inşa edilən beş mərtəbəli bina, oktyabrın 8-də günorta saatlarında çöküb. Binada 12 mənzili olub. Fəlakətin səbəbi hələlik məlum deyil. Daxili İşlər Nazirliyində ən çox ehtimal olunan versiya, birinci mərtəbədə və ya zirzəmidə qaydaları pozaraq aparılan tikinti işidir.

Teqlər: