“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib

İstifadəyə yararsız elektrik batareyalarının toplanması
məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər
şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start
verib.

Trend xəbər verir ki, ETSN-in ekoloji maarifləndirmə və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib
ki, işlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş
“BRAVO” hipermarket, superstor və supermarket filiallarında
yerləşdirilib. Gələcəkdə isə bu cür qutuların digər şəhər və
rayonlarda da yerləşdirilməsi planlaşdırılır.

S.Məmmədovanın sözlərinə görə, tədbirdə “EkoSfera”
Sosial-Ekoloji mərkəzin və Yaşıl Şəbəkəyə üzv məktəblilər aktiv
iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda
batareyaların zərərləri barədə müxtəlif çağırışlar
hazırlayıblar.

O qeyd edib ki, işlənmiş batareyaları digər tullantılardan
ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi
təsirlərini minimuma endirmək deməkdir. Buna görə işlənmiş
batareyaların toplanması məntəqələrinin artırılması olduqca
aktualdır.

“Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının
qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi,
tullantıların azaldılması, işlənmiş batareya tullantılarının
zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması
cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.

Bugün Dəniz Mall-da keçirilən aksiya zamanı 30 kq-dan çox
işlənmiş batareyalar ayrılmış qutulara toplanaraq “Təhlükəli
Tullantılar” MMC-yə təhvil verilib”.

S.Məmmədova vətəndaşları təhlükəli və istifadəyə yararsız olan
batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə,
tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə və batareyalar
üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.

Teqlər: