Başçı sahibkara torpaq verdi, polis isə cinayət işi açdı

Başçı sahibkara torpaq verdi, polis isə cinayət işi açdı

2020-ci ilin sentyabr ayında Neftçala rayonu 2-ci Mayak kəndi yaxınlığında yerləşən “Kürağzı dövlət fond torpağı”nda 100 hektar torpaq sahəsi almaq üçün rəsmi qaydada Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidova müraciət etdim. 2020-ci ilin oktyabr ayında mənə həmin ərazidə monitorinq işləri bitdikdən sonra torpaq ayırılacağı ilə bağlı cavab verdilər.

Bu sözləri AzerTimes-a Neftçala rayon sakini birinci Vətən müharibəsi iştirakçısı İslam Bayramov İH tərəfindən aldadılmasını iddia edərkən deyib.

O, 2021-ci ilin fevral ayında Dairə torpaq komissiyasının sədri Zaur Kərimovun onu dəvət etdiyini, M.Seyidovun tağşırığına əsasən ona torpaq sahəsi veriləcəyini bildirdiyini qeyd edib:

“Bütün lazımi sənədləri onlara təhvil verməyimi istədilər. Fevral ayından vaxtı uzatdılar və nəhayət sentyabr ayında iqtisadiyyat bölməsinin baş məsləhətçisi Vüsal Ağabəyov və iqtisadiyyat bölməsinin şöbə müdürü Aqil Quliyevin iştirakı ilə sənədlər hazırlandı, mən 5 yerə imza çəkdim. Mənə “torpaq artıq sənindir, narahat olma” deyib yola saldılar.

Kimsə qeyri-qanuni işlədiyimi deməsin deyə, sənədi tələb etdim. Dəfələrlə Mirhəsən Seyidovun qəbuluna gedib şəxsən özü ilə danışdım ki, dəqiq mən o torpaqda iş görə bilərəmmi? İcra başçısı hər görüşdə mənə dedi ki, torpağı mən sizə vermişəm, heç kim o torpağı sizdən ala bilməz, ora sizindir.

Lakin 10 dekabr 2021-ci il tarixində biz cinayət məsuliyyətinə cəlb olunduq. Bizə torpağı verən şəxslərdən biri Aqil Quliyev məhkəmədə şahid qismində iştirak edərək bizə torpağın verilmədiyini dedi”, – İ.Bayramov deyib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən icra başçısının birinci müavini Şaiq Məmmədov hadisədən xəbərsiz olduğunu qeyd etdi. Adı çəkilən A.Quliyev və Z.Kərimovun mövqeyini öyrənmək isə mümkün olmayıb.

Teqlər: