Lənkəranda fiziki zorakılığa məruz qaldığı deyilən məktəbli valideynləri ilə birlikdə iyulun 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dəvət edilib.
AzerTimes xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
Komitə rəsmisi deyib ki, kütləvi informasiya vasitələrində 15 iyul 2022-ci il tarixdə Lənkəran şəhərində 9-cu sinif şagirdinin fiziki zorakılığa məruz qalmasi ilə bağlı yayılan məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Lənkəran Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlanılıb və uşağın psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində işlərin görülməsinə dair müvafiq tövsiyələr verilib.
Həmçinin hadisənin hərtərəfli araşdırılması məqsədilə aidiyyəti orqanlara 15 iyul 2022 ci il tarixli rəsmi məktublar da ünvanlanıb.
Artıq faktla bağlı Lənkəran şəhər prokurorluğunda aparılan araşdırmanın ilkin nəticələri haqqında müvafiq açıqlama verilib.
Dövlət Komitəsi bütün əlaqədar tərəflərlə birgə fəaliyyətin nəticələrinə, həmçinin öz səlahiyyətləri çərçivəsində gördüyü işlərə dair ictimaiyyəti məlumatlandıracaq.