Baş Qərargah rəisi Quru Qoşunlarında olub (FOTO)

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında
olub.

Baş Qərargah rəisi əvvəlcə Quru Qoşunlarının Ümumqoşun Təlim
Mərkəzinə gəlib, hərbi qulluqçuların taktiki-xüsusi hazırlığının
inkişaf etdirilməsi və müasir döyüş üsullarının praktiki tətbiqi
məqsədilə real döyüş şəraitinə uyğunlaşdırılmış təlim nöqtələrinə
baş çəkib.

“Komando hazırlığı” kursunda iştirak edən kursantların
sosial-məişət şəraiti və təlim-tədris prosesi ilə maraqlanan Baş
Qərargah rəisinə məruzə olunub ki, dərslər yeni üsullar tətbiq
olunmaqla tədris olunur.

General-polkovnik K. Vəliyev təlim nöqtələrində kursantların
nəzəri və praktiki biliklərinin artırılması üçün keçirilən dərs
prosesinin gedişatını izləyib. Tədris prosesini müsbət
qiymətləndirən Baş Qərargah rəisi şəxsi heyətin qayğıları ilə
maraqlanıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə
Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonra Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə
keçirilib.

Görülən işlərin təhlilini aparan Baş Qərargah rəisi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu
tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müşavirədə döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq
səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də
bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi
ilə bağlı aidiyyəti üzrə vəzifəli şəxslərə konkret tapşırıqlar
verilib.

Teqlər: