Aprelin 29-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş
Prokurorluğun struktur qurumlarının məsul əməkdaşlarının iştirakı
ilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı
mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli
Fəaliyyət Planı”nın (MFP) icrası ilə əlaqədar qarşıda duran
vəzifələrə dair əməliyyat müşavirəsi keçirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, müşavirədə çıxış edən Baş prokuror ölkə başçısı cənab İlham
Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib
hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir
vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram
xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət
Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə
prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin
qarşısında prioritet istiqamətlərin müəyyən olunmasının
zəruriliyini qeyd edib.
Bu baxımdan antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi
istiqamətində müvafiq səlahiyyətli qurumlara təkliflərin
hazırlanaraq təqdim olunması, dövlət orqanlarının fəaliyyətində
korrupsiya risklərinin müəyyən edilməsi, mövcud qanunların daha da
səmərəli tətbiq edilməsi, xüsusi müsadirə institutunun
effektivliyinin təmin edilməsi, əməliyyat tədbirlərinin
intensivləşdirilməsi və cinayət törətmiş bütün şəxslərin müəyyən
edilməklə məsuliyyətə cəlb edilməsinin təmin olunmasının vacibliyi
vurğulanıb.
Müşavirədə həmçinin qabaqcıl beynəlxalq təcrübənin öyrənilməklə
tətbiq olunması, vətəndaş cəmiyyəti institutları ilə sıx
əməkdaşlığın həyata keçirilməsi, əhalinin bu işdə aktiv iştirakının
təmin edilməsi məqsədilə onların maarifləndirilməsi işinin yeni
müstəviyə qaldırılması, xüsusən əhatəli antikorrupsiya tədris
modulunun hazırlanması qərara alınmışdır.
Əməliyyat müşavirəsinin sonunda Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) icrası ilə
əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər
Planı” təsdiq edilmişdir.
Müşavirəyə yekun vuran Baş prokuror korrupsiyaya qarşı mübarizə
sahəsində ən qətiyyətli tədbirlərin görülməsinin bundan sonra da
davam etdiriləcəyinə əminliyini bildirib.