Xəbər - Samir Əli -Trend:
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi tərəfindən “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” mövzusunda onlayn formada distant təlim keçirilib.
Qurumdan AzerTimes-a verilən məlumata görə, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının 17 iyun 2021-ci il tarixli iclasının qərarı ilə Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzi (bundan sonra Təlim Mərkəzi) təsis edilib. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin eyni tarixli Sərəncamı ilə Təlim Mərkəzinin Əsasnaməsi təsdiq edilməklə, sözügedən Təlim Mərkəzin rəhbəri vəzifəsinə ictimai əsaslarla Elmi-Məsləhət Şurasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təyin edilib.
Dövlət qulluğunda çalışan əməkdaşların peşəkarlığının artırılması, fəaliyyətlərində innovativ metodların tətbiqi məqsədilə cari ilin sentyabrın 10-da Anti-korrupsiya Təlim Mərkəzi və Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə dövlət qulluqçuları üçün “Dövlət qulluğunda etik dəyərlər və davranış standartları” adlı təlim keçirilib.
Tədbirdə iştirak edən Kamal Cəfərov dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunun formalaşdırılması, innovativ metodların tədbiqi, dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması kimi mühüm məsələlər üzrə dinləyicilərə ətraflı məlumat vermiş, eləcə də dövlət orqanlarının və dövlət qulluqçularının nüfuzunun artırılması və möhkəmləndirilməsi, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi məqsədi ilə tövsiyələrini təqdim edib.
Tədbirin sonunda maraq doğuran suallar təlimçilər tərəfindən cavablandırılıb, eləcə də dinləyicilər arasında faydalı fikir mübadiləsi aparılıb.