Baş Prokurorluqda dəyirmi masa keçirildi

Baş Prokurorluqda dəyirmi masa keçirildi

Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş valyuta vəsaitlərinin xaricdən qaytarılmaması faktları ilə əlaqədar ibtidai araşdırma və inzibati icraat zamanı şəxslərin məsuliyyətə cəlb edilməsində yaranan suallara dair Baş Prokurorluqda dəyirmi masa keçirilib.

Bu barədə AzerTimes-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

“Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə nəzərdə tutulan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması cinayəti ölkəmizin valyuta sisteminin təhlükəsizliyinə təhdid yaradan ən təhlükəli cinayət əməllərinə aid olmaqla, ölkəmizin maddi sərvətlərinin xaricə axmasına zəmin yaradır.

Bu qəbildən olan cinayət əməllərinin qarşısının alınması üçün aidiyyəti dövlət orqanları tərəfindən qətiyyətli addımlar atılıb.

Eyni zamanda bu əməllər üzrə başlanmış cinayət işləri üzrə vahid istintaq təcrübəsinin formalaşdırılması üçün prokurorluq orqanları tərəfindən zəruri işlər görülüb, o cümlədən “Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi) faktları üzrə aparılan araşdırmaya dair” Metodiki vəsait hazırlanıb.

Mövzunun aktuallığı ilə əlaqədar bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində ibtidai araşdırma və inzibati icraat zamanı Azərbaycan Cinayət Məcəlləsinin 208-ci (xarici valyuta vəsaitlərini xaricdən qaytarmama cinayəti) və İnzibati Xətalar Məcəlləsinin 483-cü (xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xətası) maddələrinin tətbiqi ilə bağlı yaranan suallara dair dəyirmi masa keçirilib.

Azərbaycan Baş prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə keçirilən tədbirdə ekspertlər qismində Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Pricewaterhousecoopers Azerbaijan MMC-nin, eləcə də Azərbaycan Respublikası Auditorlar palatasının peşəkar nümayəndələri iştirak ediblər.

Eyni zamanda, tədbirə dinləyicilər qismində Baş Prokurorluğun aidiyyəti struktur qurumlarının əməkdaşları cəlb ediliblər.

Geniş müzakirələr, fikir mübadiləsi şəraitində keçən tədbirdə ekspertlərin məruzələri dinlənilmiş və mühüm praktiki əhəmiyyəti olan suallar cavablandırılıb.

Tədbirin yekunlarına uyğun olaraq, bu sahədə səylərin birləşdirilməsi və müvafiq müzakirələrin işçi qaydada davam etdirilməsi qərara alınıb”, – Mətbuat Xidmətindən bildiirlib.

Teqlər: