Baş Prokurorluq və DİN paytaxtda törədilən ağır qətllə bağlı birgə məlumat yayıb

Xəbər - Samir Əli – Trend:

Gizli şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlərlə” açılmışdır

Baş Prokurorluğun və DİN-nin Mətbuat xidmətlərindən AzerTimes-a verilən birgə məlumatına görə, yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadə 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.


Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Teqlər: