Baş prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yaydı

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam,
Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət
edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar
2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər
hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual
qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə
malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab
etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və
psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər
ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti
alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət
işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini
tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu
tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə
intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, ötən müddət
ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 280 yeni
şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin
halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi
ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə
faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış
şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 397
zərərçəkmiş şəxs müəyyən edilmişdir.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol
vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi
istiqamətində tədbirlər davam etdirilir.

2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının
araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə,
digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində
tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi,
012-361-16-47 nömrəli telefon, habelə [email protected]
elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki
səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə
əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş
olunur.

Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi
aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi
xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs
barəsində 16 cinayət işi üzrə verilmiş apellyasiya protestləri
təmin edilərək müvafiq hökmlər ləğv edilmiş, həmçinin birinci
instansiya məhkəmələri tərəfindən qeyd olunan işlərin əlavə
istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurora qaytarılmasına dair qərarlar qəbul
edilmişdir. Həmin şəxslər barəsində cinayət təqibi ilə bağlı bütün
hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq yenidən yekun
qərarların qəbul edilməsi təmin ediləcəkdir.

Bununla yanaşı, əvvəllər dövlətə xəyanət ittihamı ilə
barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz
təsdiqini tapmamaqla digər cinayətlərə görə məhkum olunmuş daha 10
şəxs barəsində 10 cinayət işi üzrə müəyyən prosessual pozuntulara
yol verilməsi halları aşkar edildiyindən həmin işlər üzrə yekun
məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq
aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata
keçirən prokurora qaytarılmasından ötrü Baş prokurorun müvafiq
müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri
verilmişdir.

Eyni zamanda istintaqla mərhum Quliyev Elçin Mətləb oğlu ilə
əlaqədar bütün xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq
onun əməlində hər hansı cinayət tərkibi müəyyən edilmədiyindən
barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla (Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi)
xitam verilməsi haqqında qərar qəbul edilmişdir.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara
işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə
səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev
Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev
Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əzizov Polad
Seyfəddin oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif
oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə),
293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud
ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə
səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül
zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilərək barələrində həbs qətimkan tədbiri seçilmiş, həmçinin
Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində
axtarış elan edilmişdir.
Eyni zamanda hazırda cəza çəkən Ağayev Fuad Ramiz oğlunun məhkum
edildiyi hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı
qanunsuz əməllərə yol verməsinə əsaslı şübhələr müəyyən
edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və
128-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
ona müvafiq ittiham elan edilmişdir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat
veriləcəkdir.

Teqlər: