Baş Prokurorluq təkzib edir

Bəzi kütləvi informasiya vasitələrində Novruzov Vəli Şirməmməd oğlunun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin dələduzluğu nəticəsində həmin MTK-dan oğulları Elnur və Elvin Novruzovların, habelə qohumu Gəncəli İsmayılovun adına aldığı 3 mənzilə və 2 qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının pozulması və bu barədə prokurorluq orqanlarının əməkdaşları tərəfindən guya onun müraciətlərinə obyektiv baxılmaması barədə informasiyalar yayılmışdır.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxslərinin inşa edilmiş binada olan eyni mənzili ayrı-ayrı vətəndaşlara qanunsuz satmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əməllərini törətdikləri üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, cinayət işi baxılması üçün ittiham aktı ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmənin hökmü ilə həmin şəxslər təqsirli bilinərək məhkum edilmişlər.

​Qeyd olunan cinayət işinin istintaqı üzrə Vəli Novruzovun “MTK-REAL” Mənzil tikinti kooperativinin vəzifəli şəxsləri tərəfindən pul vəsaitinin ələ keçirilməsinə dair şikayəti ilə bağlı aparılmış araşdırma zamanı həmin Kooperativlə bağlanmış müqavilələrə əsasən 3 mənzil və 2 qeyri-yaşayış sahəsinin onun 2 oğlu və qohumunun adına rəsmiləşdirilməsi təsdiqini tapmışdır.
Eyni zamanda, “MTK-REAL” Mənzil tikinti kooperativinin verdiyi iddialar üzrə rayon məhkəmələrinin müvafiq qətnamələri ilə Kooperativlə cavabdeh Gəncəli İsmayılov arasında bağlanmış mənzil alqı-satqısına dair müqavilə ləğv edilmişdir.

Beləliklə,Vəli Novruzovun müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan və bununla bağlı işlərə artıq mülki qaydada müvafiq məhkəmələrdə baxıldığından 5 fevral 2019-cu il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu xüsusatlar üzrə aparılan araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuş və həmin qərarın surəti rəsmi qaydada şikayətçiyə göndərilməklə,cinayət-prosessual qanumbericiliyin tələblərinə əsasən həmin qərardan müvafiq qaydada şikayət etmək hüquqları izah edilmişdir.

Teqlər: