Baş Prokurorluq Şabran rayon sakininin aldadılaraq adına VÖEN
açılması ilə bağlı hadisəyə münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq qeyd edilib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı
tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması,
adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və
nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş
Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.
Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin
ediləcəkdir.
Xatırladaq ki, Şabran şəhər Cəlil Məmmədquluzadə küçəsi, ev 4
ünvanında yaşayan Elvin Rəsulov bir yerdə xidmət etdiyi əsgər
yoldaşı Allahverən Musayev tərəfindən aldadıldığını iddia edib.
O bildirib ki, kredit almaq üçün Allahverən Musayevdən kömək
istəyib. O da fürsətdən istifadə edib, Elvindən etibarnamə alaraq
onun adına VÖEN açdırıb.
Sonradan məlum olub ki, təxminən iki il əvvəl Allahverən
Musayev, Elvini aldadandan sonra onun adına xaricdən mal gətirib.
Bundan sonra Elvinin adına vergi borcları yığılıb. Elvinə 100 min
manatdan çox vergi borcu olduğu bildiriləndən sonra o, tanışı
Allahverənlə heç cür əlaqə qura bilməyib.