Baş Prokurorluq Naxçıvandakı binanın uçması ilə bağlı məlumat yaydı

Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının
Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan
yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması
nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək
rayon idarəsində fəhlə işləyən üç nəfər şəxs hadisə yerində ölmüş,
bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq
xəstəxanaya yerləşdirilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata
görə, hazırda Babək rayon prokurorluğunun əməkdaşları tərəfindən
hadisə yerinə baxış keçirilir və digər zəruri istintaq hərəkətlər
icra edilir.
Araşdırmanın gedişatı barədə əlavə məlumat veriləcəkdir.

Eyni zamanda, bəzi media səhifələrində qeyd edilən məktəbdə
bədbəxt hadisə nəticəsində 20-dən çox şəxsin ölməsi və çoxlu sayda
yaralıların olması barədə həqiqətə uyğun olmayan məlumatlar
yayılmışdır.

Həmin məlumatlar tərəfimizdən təkzib olunmaqla media
nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların
yayılmaması bir daha xahiş olunur.

Teqlər: