Baş Prokurorluq Masallıdakı qətl hadisəsi barədə məlumat yaydı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki
illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir
cinayətin üstü açılmışdır.

Belə ki, 05 iyul 2015-ci il tarixdə Masallı rayon sakini Səidə
Cəfərovanın evdən çıxaraq bir daha geri qayıtmaması faktı ilə bağlı
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb
istintaq aparılsa da, Səidə Cəfərovanın tapılması mümkün
olmadığından iş üzrə icraat dayandırılmışdır.

Lakin sonradan Səidə Cəfərovanın öldürülməsinə əsaslı şübhələr
müəyyən edildiyi üçün, 08 fevral 2022-ci il tarixdə iş üzrə
icraatın dayandırılması haqqında qərar rayon prokurorluğu
tərəfindən ləğv edilməklə iş üzrə icraat təzələnmişdir.

Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri
nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu, Təklə kənd
sakini Əfrail Məmmədov qeyd edilən tarixdə əmisi qızı Səidə
Cəfərovanı idarə etdiyi avtomobil ilə Təklə kənd ərazisində
yerləşən əkin sahəsinə apararaq orada şəxsi münasibətlər zəminində
aralarında yaranmış mübahisə zamanı bıçaqla Səidə Cəfərovanın boğaz
nahiyəsinə bir dəfə qəsdən vurmaqla onu öldürüb sonuncunun meyitini
çayın kənarındakı qamışlıq ərazidə gizlətmiş, təxminən 25-30 gün
sonra meyiti gizlətdiyi yerə gedərək sümüklərin göründüyünü görüb
cinayətini gizlətmək məqsədi ilə balta vasitəsi ilə meyitin baş
hissəsini ayıraraq torpaq sahəsinə basdırmış, digər sümükləri isə
təxminən 500-600 metr kənarda tullantılar olan ərazidə üzərinə
benzin tökməklə tam yandırmışdır.

Əfrail Məmmədov iş üzrə dindirilərkən törətdiyi əməli etiraf
etmiş, ifadəsində qeyd etdiyi meyitin basdırıldığı yerə baxış
keçirilmiş, aşkar edilmiş insan sümük fraqmetlərinə bənzər qalıqlar
müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Əfrail
Məmmədova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və
245-ci (meyit üzərində təhqiredici hərəkətlər etmə) maddələri ilə
ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Teqlər: